REGİONLAR
Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi aksiya təşkil edib VİDEO
Zəngilan, 20 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması və tibbi konsultasiyaların verilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün nazirliyin təşkilatçılığı ilə növbəti belə tədbir keçirilib.
Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün İnstrumental-diaqnostik müayinələr İnstitutunun xüsusi təchiz olunan səyyar klinikasında tibbi xidmətlər göstərilib. Tibbi avadanlıqları ilə tam təchiz edilən klinikalar modul avadanlıq konsepsiyası sayəsində müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Belə ki, bu klinikalar ucqar ərazilərdə yaşayan əhali üçün müxtəlif diaqnostik prosedurlardan tutmuş, ilkin tibbi yardıma qədər istifadə edilir.
Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib. Həmçinin vərəm üçün (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 280-ə yaxın Zəngilan sakini müayinələrdən keçib. Həmçinin tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova işğaldan azad olunan ərazilərdə sakinlərə tibbi xidmət göstərməyin qürurlu və tarixi bir an olduğunu bildirir.
“Böyük Qayıdış” proqramı çərçivəsində, ilk dəfə Laçın şəhərində əhaliyə tibbi xidmət göstərmişik. Tibbi aksiyamız bir günlük nəzərdə tutulub və əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün böyük komanda ilə buradayıq. Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoqları, fitiziatorları, kardiolaqları və laboratoriya həkimləri, funksional diaqnostika həkimi, ultrasəs müayinəsi radioloqlar, rengenoloqlar burada əhaliyə xidmət göstərirlər. Səhiyyə Nazirliyi tərəfindən verilən mobil klinikalarda exokardioqrafiya, kardioqramma, spreqroqramma, qan analizləri, rengenoqraqrafiya kimi avadanlıqlarla müayinələr həyata keçirilir. Aksiyaya şagirdlər də cəlb olunub, onların ağciyərləri flüoroqrafiya olunaraq müayinədən keçiblər. Səhiyyə Nazirliyinin dəstəyi ilə belə tibbi xidmətləri işğaldan azad olunan digər ərazilərimizdə də həyata keçirəcəyik”, - deyə İ.Axundova bildirib.
Ağalı kənd sakini Baxşəliyeva Nəzrin də tibbi aksiyadan yararlanıb: “Bu gün Ağalı kəndində səyyar tibbi xidmətdən faydalandıq. Ən son müasir texniki tələblərə cavab verən tibbi avadanlıqlar vasitəsilə və yüksəkixtisaslı həkimlər tərəfindən müayinə olunduq. Bu kimi aksiyalar əlbəttdə çox faydalıdır və göstərilən diqqət qayğıya görə ölkə rəhbərliyinə, tibbi personaja təşəkkür edirik”.
Kənd sakini Namil Alıyev isə bildirib ki, növbəti dəfə səyyar tibbi xidmətin kəndə gəlməsi sakinlər üçün çox vacibdir: “Daha əvvəl də kəndimizdə Səhiyyə Nazirliyi tərəfindən bir neçə dəfə tibbi aksiya təşkil edilib və hər birindən yararlanmışıq. Bu gün isə Ağciyər Xəstəlikləri İnstitutunun heyəti Ağalıda müasir avadanlıqlar vasitəsilə bizləri müayinə edirlər. Belə aksiyaların təşkili biz sakinlər üçün çox faydalıdır, yol qət etmədən, zaman itirmədən belə aksiyalardan yararlanırıq”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.