İQTİSADİYYAT
Səid Xətibzadə: Yeni layihələr hər iki dövlətin tranzit potensialını artıracaq

Tehran, 14 mart AZƏRTAC
İran ilə Azərbaycan Respublikası Zəngəzur dəhlizinin formalaşması haqqında razılaşma əldə edib ki, bu da hər iki dövlətin iqtisadi inkişafına böyük zəmin yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, razılaşmaya uyğun olaraq inşa ediləcək infrastruktur layihələr iki qonşu və dost dövlətin tranzit potensialını artıracaq.
Səid Xətibzadə onu da nəzərə çatdırıb ki, İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələr yüksələn xətt üzrə inkişaf edir. İranın 13-cü hökuməti qonşularla əlaqələrin qurulmasına və inkişafına xüsusi önəm verir. Azərbaycan İranın xarici siyasətində prioritet istiqamətlərdən biridir. İki ölkə arasındakı münasibətlərin inkişafı xalqların maraqlarına uyğundur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran