REGİONLAR
Şəki şəhidlərinin şüşə üzərində həkk edilmiş portretləri ailə üzvlərinə təqdim olunub VİDEO












Şəki, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 27-də Şəki şəhərində “Zəfərin kölgəsi Şəki” adlı layihə çərçivəsində Şəki şəhidlərinin şüşə üzərində kölgə effektli portretlərinin nümayişi və şəhid ailələrinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində bildirilib ki, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər bizim şanlı tariximizdir. Qəhrəman xalq, rəşadətli Ordu, Müzəffər Ali Baş Komandan birliyi bizə böyük Qələbəni bəxş edib. Bu Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün üçrəngli, ay-ulduzlu bayrağımız bütöv Azərbaycanda qürurla dalğalanır. Qeyd olunub ki, Zəfər şəhidsiz olmur. Qədirbilən xalqımız və dövlətimiz şəhidlərin əziz xatirəsini daim uca tutur. Bugünkü tədbir də məhz Şəki şəhidlərinin əziz xatirəsinə həsr olunur.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Vurğulanıb ki, Vətən müharibəsi xalqımızın Qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.
Sonra layihənin rəhbəri Elmar Məmmədzadə Şəki şəhidlərinin şüşə üzərində həkk edilmiş kölgə effektli portretlərini onların ailə üzvlərinə təqdim edib. İlk olaraq Azərbaycanın Milli qəhrəmanları Çingiz Mustafayev, Elşad Yəhyayev və Mikayıl Cəbrayılovun portretləri doğmalarına təqdim olunub. Daha sonra Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinin, həmçinin 24 saata yaxın davam edən lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olanların portretləri ailə üzvlərinə təqdim edilib.
Şəhidlərin ailə üzvləri çıxış edərək layihənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda layihənin həyata keçirilməsinə dəstək olan qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.