Şəki-Zaqatala regionunda ekoloji təmiz istehsal sahələrinin yaradılması planlaşdırılır
Bakı, 13 fevral, M.Dadaşov, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkəmizdə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir. Sənədə əsasən 2016-2020-ci illərdə müvafiq tədbirlərin həyata keçirilməsi hesabına Azərbaycanda dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün strateji hədəflərin reallaşdırılması nəzərdə tutulur. Bu hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılmasını əhatə edir. Kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələləri də strateji hədəflər sırasındadır. Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə-Resurs Mərkəzi tərəfindən uğurla icra olunur. Ötən il yaradılmış mərkəzin əsas məqsədi regionda sağlam ekoloji mühitin bərpasına və inkişafına dəstək vermək, əhalinin sağlam həyat tərzinin inkişafı üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə kömək etməkdir.
Mərkəzin direktoru, professor Amin Babayevin sözlərinə görə, qurumun elmi şurasının qərarı ilə təsdiqlənmiş, 2016-2026-cı illəri əhatə edən fəaliyyət proqramına ekoloji təmiz kənd təsərrüfatının əsaslarının yaradılmasına və inkişafına dəstək vermək, əhalinin sağlam və keyfiyyətli ərzaq məhsulları ilə təminatını həyata keçirmək üçün bütövlükdə aqrar sektorun ekoloji əsaslarla inkişafına və güclənməsinə səy göstərmək, kənd təsərrüfatı istehsalatının ətraf mühitə neqativ təsirini minimuma endirməyə çalışmaqla ərzaq məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq daxildir. Eyni zamanda, bazar iqtisadiyyatı şəraitində tərkibi, dadı, tamı, qoxusu və digər keyfiyyət göstəricilərinə görə, rəqabətə davamlı məhsulların istehsalı ilə kənd əhalisinin gəlirlərinin artmasına şərait yaratmaq, region əhalisinin bütün təbəqələrinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə kömək göstərmək nəzərdə tutulub.
A.Babayev vurğulayıb ki, təşkilatın yaxın gələcək üçün məqsədləri Şəki-Zaqatala regionunda ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsilini, maarifləndirilməsini və informasiya yayımını təşkil etmək, ətraf mühit və torpaq tədqiqatlarının aparılması yolu ilə bu ərazidə ekoloji təmiz istehsal sahələrinin yaradılmasının prinsiplərini işləyib hazırlayaraq elmitutumlu ekoloji təsərrüfatların yaradılması barədə müvafiq icra orqanları qarşısında vəsatət qaldırmaqdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün regionda elmi təminatlı innovasiyaların tətbiqi, ixtisaslı kadrların hazırlanması, fermerlərə və yerli istehsalçılara elmi-praktik köməkliyin göstərilməsi, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və digər vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. İlkin mərhələdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal imkanlarını və pespektivliyini müəyyənləşdirmək məqsədilə iqtisadi və ekoloji araşdırmaların aparılması, region ərazisində geni dəyişdirilmiş orqanizmlərin (məhsulların) yayılma hallarını müəyyənləşdirmək üçün tədqiqatların aparılması və qeydə alınmış halların nəzarətə götürülməsi planlaşdırılır. Bundan başqa, ekoloji taxılçılıqla məşğul olan fermerlər üçün zolaqlı səpin texnologiyasını, o cümlədən zərərvericilərə qarşı mübarizədə tətbiq olunan bioloji preparatların rolunu nümayiş etdirmək məqsədilə tarla təcrübələrinin təşkili görüləcək işlər sırasındadır.