Şəkidə görkəmli bəstəkar Şəfiqə Axundovanın 95 illiyi qeyd olunub
Şəki, 29 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümayəndələrindən olan Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirib. O, öz yaradıcılığı ilə milli musiqi xəzinəmizin zənginləşməsinə çox böyük töhfələr verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 95 illiyi münasibətilə yanvarın 29-da Şəki Şəhər Mədəniyyət Mərkəzində keçirilən “Nəğmədir həyat” adlı ədəbi-bədii tədbirdə səsləndirilib.
Musiqisevərlərin, ziyalıların iştirak etdiyi tədbirdə görkəmli bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən geniş bəhs olunub. Bildirilib ki, 1924-cü il yanvarın 21-də Şəki şəhərində dünyaya göz açan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub və 1956-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirərək musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb. “Gəlin qayası” operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı adını qazanan Şəfiqə Axundova həm də bir sıra gözəl mahnıların, “Ev bizim, sirr bizim” operettasının, simli kvartet üçün pyeslərin, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və digər səhnə əsərlərinin, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarının musiqisinin müəllifi olub. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Qeyd olunub ki, Şəfiqə Axundova uzun illər zəngin bilik və təcrübəsini ölkəmizdə musiqiçi kadrların hazırlanmasına sərf edərək, bu işə dəyərli töhfələr verib. Xanım bəstəkarın musiqi mədəniyyətimizin inkişafı sahəsində xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülüb, Azərbaycanın ali dövlət mükafatı - “Şöhrət” ordeni ilə təltif edilib.
Tədbirdə Şəfiqə Axundovanın yaradıcılığından bəhs edən film nümayiş etdirilib, Mədəniyyət Mərkəzinin “Səbuhi” instrumental ansamblının müşayiəti ilə bəstəkarın bəstələdiyi mahnılardan ibarət konsert təqdim olunub. Konsertdə ifa edilən Şəfiqə Axundovanın bəstələdiyi “Sənin nəğmən”, “Gecələr yuxusuz qoymusan məni”, “Nədən oldu”, “Şəki”, “Həsrətindəyəm”, “Mehriban olaq”, “Neyçün gəlməz” və digər mahnılar tədbir iştirakçılarının ürəyincə olub.
Sonda Şəfiqə Axundovanın tələbəsi olmuş Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov müəllimi haqqında xatirələrini bölüşüb.