REGİONLAR
Şəkidə indiyədək 39 min hektardan çox sahədə payız səpini aparılıb
Şəki, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Taxılçılığın inkişafı ölkəmizdə kənd təsərrüfatının əsas istiqamətlərindən biri sayılır və ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlət tərəfindən bu sahənin inkişaf etdirilməsi məqsədilə dəstək mexanizmləri həyata keçirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə fermerlərə hər hektar üçün 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında hazırda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 21 min 60 hektarı dən üçün arpa, 18 min 56 hektarı buğda olmaqla, 39 min 116 hektar sahəyə toxum səpiblər.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidovun verdiyi məlumata görə, cari mövsümdə rayonda 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün 35 min hektar sahəyə dən üçün arpa, 25 min hektara buğda toxumu səpəcəklər. Səpin aparılacaq sahələrin 14 min 550 hektarı suvarılan, 45 min 450 hektarı isə dəmyə torpaqlardır. Payızlıq dənlilərin səpini üçün 11 min 450 ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 3088 ton sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir.
Ümumilikdə, səpin kampaniyasına 350 ədəd şum traktoru, 116 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb edilib.