Şəkidə keçirilən karate üzrə beynəlxalq turnirdə 300-dən çox idmançı mübarizə aparır
Şəki, 31 may (AZƏRTAC, Mustafa Dadaşov). Mayın 31-də Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda karate üzrə beynəlxalq turnir başlamışdır.
AZƏRTAC xəbər verir ki, Milli Karate Federasiyası və Beynəlxalq Bankın təşkilatçılığı ilə ilk dəfə keçirilən və Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan turnirdə Azərbaycanın müxtəlif regionlarını təmsil edən yerli idmançılarla yanaşı, Gürcüstan və Rusiya Federasiyasından perspektivli karateçilər də iştirak edirlər. Gürcüstan turnirdə iki komanda ilə təmsil olunur.
Üç yüzdən çox karateçi oğlan və qızın qatıldığı turnirdə uşaqlar 3, yeniyetmə və gənclər isə 5 çəki dərəcəsində fərdi kumite və fərdi kata üzrə mübarizə aparırlar. Turnirin baş hakimi beynəlxalq dərəcəli hakim Cahangir Babayevdir. Yarışlar Milli Karate Federasiyasının rəsmi internet saytında canlı yayımlanır.
Beynəlxalq turnirin ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.