ŞƏKİDƏ “SƏNƏTKARLAR GÜNÜ” BAYRAMINA CİDDİ HAZIRLIQ GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 23-də Şəkidə beynəlxalq əhəmiyyətli daha bir tədbir - “Sənətkarlar günü” bayramı keçiriləcəkdir. Tədbirə Türkiyə, Rusiya, İran, Polşa, Bolqarıstan, Hindistan, Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrin Azərbaycandakı səfirlərinin, habelə Şəki ilə qardaşlaşmış şəhərlərdən Türkiyənin Giresun və Bolqarıstanın Qabrovo şəhərlərinin nümayəndələrinin qatılacağı gözlənilir. Bu ölkələrin səfirləri və qardaşlaşmış şəhərlərin rəhbərləri bayramda iştirak edəcək nümayəndə heyətlərinin tərkibini artıq təşkilat komitəsinə təqdim etmişlər.
Bayrama hazırlıq işlərinin gedişi barədə məlumat verən təşkilat komitəsinin sədri, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirmişdir ki, bayramın keçirilməsindən əsas məqsəd Şəkidə tarixən formalaşan mədəni irsin qorunmasına diqqəti daha da artırmaq, qədim tarixi, zəngin memarlıq abidələri, mədəniyyəti, folkloru ilə yanaşı, özünəməxsus sənətkarlıq ənənələri ilə də məşhur olan bu diyarda itib-batmaqda olan qədim el sənətlərinin dirçəldilməsini və inkişaf etdirilməsini təmin etmək, habelə yerli və xarici turistlərin Şəkiyə marağının daha da artmasına nail olmaqdır.
Bayramın gündəliyinə gəldikdə isə, iyunun 23-də tədbir iştirakçıları müəyyən olunmuş marşrut üzrə hərəkət edərək “Yuxarı Karvansara”ya gələcək, daha sonra “Sənətkarlar evi”nin açılışında iştirak edəcək, satış-yarmarkada xalq tətbiqi sənət nümunələri ilə tanış olacaq, sənətkar emalatxanalarına baş çəkəcəklər. Daha sonra Xan sarayında sənətkarların mükafatlandırılması mərasimi keçiriləcəkdir. “Sənətkarkar günü” böyük bayram konserti və atəşfəşanlıqla başa çatacaqdır.