Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
Bakı, 8 fevral (AZƏRTAC). Şəki Telekommunikasiya Qovşağı tərəfindən bütün kənd və şəhər rabitə şəbəkəsinin optik kabellərlə təchiz edilməsi Şəki Regional Poçt Filialının bütün şöbələrinin “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq bank və maliyyə xidmətləri göstərməsinə şərait yaratmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda filialın bütün poçt şöbələri kompyuterləşdirilmiş və aktiv bank xidmətlərinə başlanılmışdır. Bütün poçt şöbələri Mərkəzi Bank tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuşdur.
Vətəndaşlardan nağd ödəniş qəbul edilərkən poçt şöbələri tərəfindən kompyuterlərdən mədaxil qəbzləri verilir. Bundan başqa, poçtda hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərmək üçün cari və sub-hesabların açılması əməliyyatları da aparılır.