MƏDƏNİYYƏT
Səməd Vurğun ocağını təmsil edən şair və yazıçıların kitabları kitabxanaya təqdim edilib

Bakı, 13 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialına böyük şair Səməd Vurğunun ev-muzeyindən müasir dövr yazıçılarının və Vurğun ocağını təmsil edən şair və yazıçıların kitabları, eləcə də memuar ədəbiyyat nümunələri təqdim olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, bu dəfə kitabxanaya ev-muzeyinin görkəmli şəxsiyyətləri Xalq şairi Səməd Vurğunun və onun övladları Xalq yazıçısı Yusif Səmədoğlu, Xalq şairi Vaqif Səmədoğlu, Əməkdar mədəniyyət işçisi Aybəniz Vurğunqızı, eləcə də, vurğunşünas alim Aslan Salmansoy, şairin nəvəsi Aygün Vəkilova, həmçinin muzeyin direktoru Nüşabə Babayevanın (Vəkilova) müxtəlif səpkili 59 adda kitabı hədiyyə olunub.
Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova dünyaşöhrətli şairin əsərlərinin oxucular tərəfindən hər zaman sevilərək oxunduğunu bildirərək, bu kitabların da oxuculara böyük hədiyyə olacağını qeyd edib.