Səmimi, amma nəticəsiz olmuş görüş
Berlin, 2 may, AZƏRTAC
Bu günlərdə AFR və ABŞ liderləri arasında keçirilmiş görüşün mütləq çətin bir görüş olacağı gözlənilirdi. Bunun tam əksinə olaraq, Angela Merkel və Donald Tramp bir-birinə hörmətlə yanaşdılar. AZƏRTAC xəbər verir ki, ekspertlərin fikrincə, bu, hər iki ölkə üçün yaxşı əlamətdir.
ABŞ Prezidenti Donald Trampın AFR Kansleri Angela Merkellə görüşünün ABŞ Prezidentinin Fransa lideri Emmanuel Makronla görüşü ilə müqayisə olunması labüddür, amma bundan dərhal imtina etmək lazımdır. Əlbəttə, Vaşinqtona uzunmüddətli rəsmi səfərə deyil, qısamüddətli işgüzar səfərə gəlmiş A.Merkeli toplardan açılan yaylım atəşi ilə qarşılamadılar. Onu nə ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun Maunt-Vernondakı keçmiş iqamətgahına ekskursiya apardılar, nə də Ağ Evdə onun şərəfinə dəbdəbəli rəsmi şam yeməyi verdilər.
Belə görünür, E.Makron ilə D.Tramp arasında qarşılıqlı rəğbətin bütün dəbdəbəsinə, təntənəsinə və nümayişinə baxmayaraq, Fransa Prezidentinin amerikalı həmkarı ilə görüşündə əldə etdiyi konkret nəticələr, çətin ki, A.Merkelin ABŞ-a qısamüddətli səfəri çərçivəsində əldə etdiklərindən əhəmiyyətli dərəcədə fərqlənsin. Əslində, onların heç biri konkret nəsə əldə etməyə müvəffəq olmadı. Əsas məsələlərə gəldikdə isə gözlənildiyi kimi, Tramp ilə danışıqlarda nə E.Makron, nə də A.Merkel vəziyyəti öz xeyrinə dəyişdirə bilmədi.
2017-ci ildə Ağ Evdə Almaniya və ABŞ prezidentlərinin ilk görüşündə qalmaqallı epizod baş vermişdi. Liderlər bir-birinə əl verməmişdilər. Angela Merkelin dördüncü müddətə kansler vəzifəsində ABŞ-a bu səfəri qalmaqal yaradan hallarla yadda qalmadı. Əvəzində D.Tramp AFR Kanslerinin əlini möhkəm sıxmaq üçün az qala dəridən-qabıqdan çıxırdı.
Berlini daha çox maraqlandıran məsələlər, məsələn, İranın nüvə proqramına dair sazişdə ABŞ-ın sonrakı iştirakı, Avropa İttifaqından polad və alüminium idxalına Vaşinqton tərəfindən rüsumların tətbiq edilməsi təhlükəsi, habelə Suriya münaqişəsinin nizamlanmasında ABŞ-ın gələcək rolu barədə məsələlərə gəldikdə isə görüşdən sonra D.Trampın açıq bəyanatından məlum oldu ki, onun mövqeyində əhəmiyyətli dəyişikliklər yaranmayıb. Yaxın Şərq regionunda İranın rolu barədə yenidən son dərəcə mənfi fikirlər söyləyən D.Tramp jurnalistlərdən birinin sualına cavab verərkən Tehranın nüvə silahına sahib olmasına imkan verməmək üçün ABŞ-ın hərbi müdaxiləsini istisna etmədi.
Polad və alüminiuma yeni rüsumlar barəsində Avropa ölkələri üçün müstəsna şərtlərin qüvvədə olmasının mayın 1-də başa çatan müddətinin uzadılmasına gəldikdə isə Tramp yenə də Aİ ilə ABŞ arasında ticarət şərtlərinin, onun fikrincə, ədalətsiz olmasından şikayətlənib. Bununla belə, o, müstəsna şərtlərin qüvvədə olması müddətinin uzadılıb-uzadılmayacağı barədə suala birbaşa cavab verməkdən yayınıb. Bundan əlavə, D.Tramp müdafiə sahəsinə nisbətən az vəsait yatırdığına görə Almaniyanı nə tənqid edib, nə də bu məsələni qabardıb. Halbuki həmin məsələ Vaşinqtonla Berlin arasında maneə yaradan əsas məsələlərdən biridir. O, yalnız ümumi şəkildə qeyd edib ki, NATO-nun Avropadakı üzvləri Alyansın büdcəsinə ədalətli pay verməlidirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin