ŞƏMKİRDƏ “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
“Regionların inkişafı” İctimai Birliyi Şəmkirdəki Heydər Əliyev muzeyi ilə birgə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə layiqli töhfə vermişdir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kitabının Gədəbəy və Qazax rayonlarından sonra Şəmkirdəki Heydər Əliyev muzeyində təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gədəbəy, Samux, Göygöl, Qazax, Ağstafa, Daşkəsən və digər rayonların mədəniyyət şöbələri rəhbərlərinin, eləcə də Yeni Azərbaycan Partiyası təmsilçilərinin də qatıldıqları mərasimdə ulu öndərin muzeydə qoyulmuş büstü önünə tər güllər düzüldükdən sonra dahi rəhbərin bölgələrdə keçirdiyi görüşlərdən bəhs edən sənədli ekran əsərindən fraqmentlər nümayiş etdirilmişdir.
Təqdimat mərasimində “Regionların inkişafı” İctimai Birliyinin sədri Seymur Quliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin bütün məqamlarda öz xalqının taleyində oynadığı həlledici roldan, eləcə də ulu öndərin mənalı ömür yolunun, nəsillərə nümunə olan fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədi ilə hazırlanmış “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kitabının əhəmiyyətindən danışmışdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, YAP rayon təşkilatının sədri Faxrəddin Vəliyev, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, şair Teleh Həmid, Heydər Əliyev muzeyinin direktoru Fəxri Yusifov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və başqaları çıxış edərək bu gün həyat və fəaliyyəti milyonlarla insanın qibtə, maraq dünyasına çevrilən ümummilli liderin heyrətamiz, uzaqgörən siyasətindən və bu siyasət nəticəsində parçalanmaq təhlükəsindən azad olan Azərbaycanın qazandığı uğurlardan danışmış, dahi rəhbərin həyat və fəaliyyətinin bütün məqamlarını tarixi faktlarla özündə əks etdirən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kitabını yüksək qiymətləndirmişlər.
Sonda mərasim iştirakçılarına “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kitabı paylanmışdır.