Şəmkirdə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib
Bakı, 20 mart, AZƏRTAC
Şəmkirdə “N” saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev “Şahin” hərbi-idman oyunlarının gənc nəslin hərbi vətənpərvərlik, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyəsində, onların ordu həyatına atılmasında mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, artıq bu oyunlar Azərbaycan gəncləri arasında böyük diqqətə və marağa səbəb olub.
Şəmkir rayon gənclər və idman idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı gənclər birliyinin sədri Emin İsmayılov bu oyunların artıq 20 ildir keçirildiyini bildirərək vurğulayıb ki, kütləvi xarakter alan bu yarışlarda gənclərin fəal iştirakı çox sevindiricidir. Bu, gəncləri gələcək uğurlara ruhlandırır. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda böyüyürlər. Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.
Şəmkir rayon Təhsil şöbəsi müdirinin müavini Hafiz Pənahov qeyd edib ki, məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərin ordu sıralarına hazırlanmasına kömək göstərməkdir.
Sonra “Şahin” hərbi-idman oyunun əsasnaməsinə uyğun olaraq, rayon birinciliyinə iştirak hüququ qazanmış altı komanda sıra hazırlığı, fiziki hazırlıq və mülki müdafiə yarışlarında güclərini sınayıblar. Yekunda Şəmkir şəhər M.Füzuli adına təbiət-təmayüllü liseyin komandası qalib adını qazanıb. Şəmkir rayon Sabirkənd tam orta məktəbin komandası ikinci, Mahmudlu kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar və yarışda fəallıq göstərən məktəblilər diplom, medal, kubok və xatirə hədiyyələri ilə təltif ediliblər.
Qalib komanda Gəncə-Qazax bölgəsi üzrə zona turnirində Şəmkir rayonunu təmsil etmək hüququ qazanıb.