İQTİSADİYYAT
Sənaye və Energetika Nazirliyində GUAM-ın enerji üzrə işçi qrupunun iclası keçirilmişdir
Bakı, 22 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində GUAM-ın enerji üzrə işçi qrupunun iclası keçirilmişdir.
Sənaye və Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, GUAM dövlətlərinin müvafiq nazirliklərinin nümayəndələrinin və bu beynəlxalq təşkilatın katibliyinin təmsilçilərinin iştirak etdikləri iclasda nazir müavini Gülməmməd Cavadov Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri barədə ətraflı məlumat vermişdir.
Nazir müavini vurğulamışdır ki, əldə olunan ən mühüm nailiyyətlərdən biri son 8 ildə Bakıda və rayonlarda 900 mindən artıq yeni iş yerlərinin açılmasıdır. Yoxsulluğun səviyyəsinin isə 2003-cü ildəki 49 faizdən 2011-ci ildə 9 faizə qədər azalmasını ölkəmizdə aparılan uğurlu islahatların məntiqi nəticəsi kimi qiymətləndirmək olar.
Ölkənin energetika sahəsinin inkişafından danışan Gülməmməd Cavadov qeyd etmişdir ki, son illərdə yeni qaz yataqlarının aşkarlanması Azərbaycanı qaz idxalçısından ixracatçı ölkəyə çevirmişdir. Bununla da ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etmişdir. Azərbaycanda elektroenergetika və bərpa olunan enerji sahələrinin də inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
İclasda tərəflər enerji təhlükəsizliyi üzrə seminarın təşkilinə hazırlıq işlərini müzakirə etmiş və enerji sahəsində dövlətlərarası əməkdaşlığı gücləndirmək niyyətini bəyənmişlər. Tədbirdə, həmçinin Qara və Xəzər dənizləri regionunda təbii qazın nəqli sahəsində texniki-iqtisadi əsaslandırmanın maliyyələşdirilməsi məsələsini növbəti GUAM-Yaponiya dialoqunun gündəliyinə daxil etmək barədə ortaq təklif dəstəklənmişdir.
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi direktorunun müavini Cəmil Məlikov agentliyin fəaliyyəti barədə təqdimatla çıxış etmişdir.
İclasda qarşılıqlı maraq doğuran suallar cavablandırılmışdır.
Gələn il GUAM-ın enerji üzrə işçi qrupunda Azərbaycanın əlaqələndirici qismində fəaliyyət göstərməsi barədə razılaşma əldə edilmişdir.