Sənəd Qəbulu Komissiyaları ilə seminar-məşğələ keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2015/2016-cı tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, seminar-məşğələdə TQDK-nın sektor müdiri Hidayət Zeynalov ərizə qəbulu ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə builki qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 1-dən 30-dək internet vasitəsilə elektron ərizələrini doldurur və ərizələrini SQK-da təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədləri aprelin 7-dən 30-dək müvafiq SQK-ya təqdim edərək ərizələrini təsdiqlətdirirlər. Beşinci ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim etmək istəyən abituriyentlər isə ərizələrinin təsdiqini mayın 5-dən 18-dək təmin etməlidirlər.
SQK-lara müvafiq hazırlıq işlərinin aparılması, onların üzərinə düşən vəzifələr barədə tapşırıqlar verilib.
Sonra Komissiyanın sektor müdiri İlqar Allahverdiyev SQK üzvlərinə “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə geniş məlumat verib.
Qeyd edək ki, cari ildə ərizələrini SQK-da təsdiqlətdirməli olan abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiqlətdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 32 SQK təşkil olunub.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~kval8