MƏDƏNİYYƏT
Sənətşünas-alim: Dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan mədəniyyətinə hər zaman böyük diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyev deyib: “Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.
Bəli, dahi Üzeyir Hacıbəyli irsinin və şəxsiyyətinin ən gözəl təsviri dahi Heydər Əliyevin müdrik fikirlərində öz əksini tapır. Odur ki, mən də sözlərimə dahi sənətkar haqqında dahi şəxsiyyətin fikirləri ilə başladım.
Bu sözləri Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı ərəfəsində AZƏRTAC-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı deyib.
“Təsadüfi deyil ki, 1995-ci il sentyabrın 18-də Üzeyir bəyin 110 illiyində Ulu Öndərimizin Sərəncamı ilə həmin gün “Üzeyir günü” kimi qeyd olunaraq mədəniyyət tariximizə də musiqi bayramı kimi həkk olundu. Artıq 30 ildən çoxdur ki, hər il sentyabrın 18-dən başlayaraq biz bu bayramı silsilə tədbirlərlə qeyd edirik.
2009-cu ildən isə bu bayrama beynəlxalq festivallar da əlavə olundu. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları həm Üzeyir bəy irsinə sonsuz ehtiramın ifadəsi, həm də ölkəmizdə musiqi bayramının möhtəşəm əks sədalarını ehtiva edir”, - deyə Əməkdar mədəniyyət işçisi vurğulayıb.
Onun sözlərinə görə, 2009-cu ildən keçirilən bu festivala dünyanın müxtəlif ölkələrindən də musiqiçilər gəlirlər və həmin musiqiçilər də bizim ölkənin ifaçıları ilə bir səhnəni bölüşərək onlar Üzeyir bəyin və dünya klassiklərinin əsərlərini ifa edirlər. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakı şəhərində baş tutur. Festival zamanı konsertlərlə yanaşı, Üzeyir Hacıbəylinin əsərləri əsasında teatr tamaşaları, dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. Bu mötəbər festivalın əsas mənbəyi də məhz Üzeyir Hacıbəylinin ölməz musiqisi və əbədiyaşar irsidir. Bu irs hətta 2008-ci ildə nəşr olunan “Üzeyir ensiklopediyası”nda da geniş şəkildə öz əksini tapır. Əminik ki, Üzeyir Hacıbəylinin irsi daha neçə-neçə nəsillər tərəfindən öyrəniləcək, çünki bu irs Azərbaycan musiqi mədəniyyətinin tarixi və silinməz səhifələridir.
Təbii ki, belə bir tarixi şəxsiyyətin irsinin nəsildən-nəslə ötürülməsində, dünya musiqiçilərinin də bu irslə yaxından tanış olmasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının rolu və əhəmiyyəti böyükdür.
Sənətşünas-alim deyib: “Qarşıdan Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı gəlir. Sentyabrın 18-dən 28-dək bu möhtəşəm tədbir böyük konsert salonlarında, eləcə də musiqi ocaqlarında ölkənin musiqi ictimaiyyətini, eləcə də qonaqları öz ətrafına toplayacaq. Hər kəs Üzeyir bəyin irsinə öz töhfəsini verməyə çalışır. Kimi tədqiqat işi üzərində işləyir, kimi əsərlərinin ifasını hazırlayır – bir sözlə, dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır. Bu isə Üzeyir bəyin əbədiyaşarlığı, onun yaradıcılığının təbliği və tədqiqi istiqamətində aparılan təşviqatın ən gözəl təzahürüdür.
Keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının bu təşviqat işlərində böyük əhəmiyyəti var. Çünki məhz bu festivallar beynəlxalq əhəmiyyət kəsb edərək bütün sənətsevərləri Üzeyir musiqisinin və ruhunun işığına toplayır”.