İQTİSADİYYAT
Sentyabrda qeyri-neft sektoru üzrə ixracın dəyəri 136 milyon dollar təşkil edib


Bakı, 30 oktyabr, AZƏRTAC
Sentyabrda qeyri-neft sektoru üzrə ixracın dəyəri 136 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında deyilir.
Bildirilir ki, ötən ilin eyni ayı ilə müqayisədə bu ilin sentyabrında qeyri-neft sektoru üzrə ixracın dəyəri 22 milyon dollar və ya 19 faiz artıb. Cari ilin sentyabrında qeyri neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (38,5 milyon dollar), Türkiyəyə (25,4 milyon dollar), İsveçrəyə (13,9 milyon dollar), Gürcüstana (12,5 milyon dollar) və Çinə (5,4 milyon dollar) ixrac olunub.
Bu ilin sentyabrında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 13,1 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon dollar) üçüncü yerdə qərarlaşıb.