Şərabçılıq məhsullarının ixrac potensialını artıracaq yeni üzüm hibridləri yaradılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) aparılan tədqiqatlar nəticəsində 40-dan çox müxtəlif istiqamətli üzüm hibridləri yaradılıb. Onlardan 5 sort - “Azəri”, “Göy-göl”, “Bəhrəli”, “Kəpəz”, “Şamaxı hədiyyəsi” KTN-nin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti (BSQTNX) tərəfindən dövlət reyestrinə daxil edilib (rayonlaşdırılıb), 6 yeni sort - “İlhаmi”, “Şirəli”, “Gəncəvi”, “Qarabulağı”, “Nüvədi novrastı” və “Emin” BSQTNX-də sınağa təqdim olunub. Daha 12 yeni hibrid formasının seleksiyası və qiymətləndirilməsi başa çatdırılıb və sınağa təqdim olunmaq üçün hazırdır. Bu sortlar xəstəlik və zərərvericilərə davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə və istifadə istiqamətinin genişliyinə görə fərqlənirlər. Bu sortlar respublikada üzüm və şərabçılıq məhsulları üzrə milli brendlərin istehsalının artırılmasına imkan yaradır.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, hər il müntəzəm olaraq institutun kolleksiya bağında becərilən yerli və introduksiya olunmuş üzüm sortları fenoloji, morfoloji, bioloji, texnoloji, fitopatoloji cəhətdən qiymətləndirilərək perspektiv və donor genotiplər müəyyənləşdirilərək təsərrüfatlara və seleksiya işlərində istifadə üçün tövsiyə olunur. Aparılan tədqiqatlar nəticəsində bir neçə yerli və introduksiya olunmuş üzüm sortunun (yerli - “Təbrizi”, “Hüseyni”, “Zeynəbi”, “Çəhrayı kişmiş”, “Qırmızı hüseyni”, “Ağ gavra”, “Gözəl üzüm”, “Qaragöz”, “Mahmudu”, “Ağ Salyan üzümü”, “Novrast”, introduksiya olunmuş - “Moldova”, “Prima”, “İtaliya” muskatı, “Soqdiana” kişmişi, “Parkent”, “Çəhrayı tayfı”, “Üzümlüklərin kraliçası”, “Doyna”, “Sultanina”, “Danuta”, “Sentenial sidlis”, “Attika”, “Superior”, “Şiraz” və s.) Abşeron ekoloji şəraitində böyümə və inkişaf, məhsuldarlıq, keyfiyyət, fitosanitar xüsusiyyətləri öyrənilib və perspektiv olduqları müəyyən edilib. Həmin sortların müsbət fenoloji, yüksək inkişaf, davamlılıq, kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınaraq fermer təsərrüfatlarında geniş əkilib-becərilməsi məqsədəuyğun hesab edilib.
Yerli texniki istiqamətli “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə”, “Həməşərə”, “Xindoqnı”, “Arna-qrna”, “Mələyi”, “Aldərə”, “Ağşirə”, “Qaraşirə” və s. üzüm sortlarından alınan markalı şərablar vaxtilə respublikada və dünyada şöhrət qazanıb. Bu gün də bu sortlar, o cümlədən ÜŞETİ-nin yeni hibrid sortları “Kəpəz”, “Göy-göl”, “Şamaxı hədiyyəsi”, “Bəhrəli” şərabçılıq məhsulları üzrə müxtəlif növ milli brendlərin istehsalına imkan verməklə, bu sahədə ölkənin ixrac potensialının artırılmasına kömək göstərəcək.
İnstitutun təcrübə təsərrüfatlarında və ampeloqrafik kolleksiya bağında əkilib-becərilən və müxtəlif səbəblərdən irsi xüsusiyyətləri pisləşmiş üzüm genotipləri yaxşılaşdırılma proqramına cəlb olunaraq, onlardan qiymətli, yüksək məhsuldar, keyfiyyətli və davamlılıq xüsusiyyətləri ilə fərqlənən təsərrüfat əhəmiyyətli klon formalar seçilərək artırılır və təsərrüfata tövsiyə edilir. Hazırda institutda seçilmiş 60-a yaxın klon forma (“Ağ şanı” klon forması, “Qara şanı” klon forması, “Mədrəsə” klon forması, “Şamaxı mərəndisi” klon forması və s.) üzərində tədqiqat aparılır.
Ölkəyə yeni gətirilmiş üzüm sortlarının (“Prima”, “Red qlob”, “Viktoriya”, “Ora”, “Parkent”, “Attika”, “Autumun royal”, “Danuta”, “Sentenial sidlis”, “Sultanina, Superior”, “Aleatiko”, “Alikant buşe”, “Karignan”, “Qara qrenaj”, “Lidiya”, “Marselan”, “Marsanne”, “Montepulçiano”, “Pino nuar”, “Petit verdo”, “Roussanne”, “Sovinyon blan”, “Şiraz”, “Uni blan” və s.) aqrobioloji və adaptasiya xüsusiyyətlərinin və becərilmə texnologiyasının öyrənilməsi istiqamətində tədqiqat işləri həyata keçirilir. Bu sortlar Azərbaycan şəraitində yeni olduğundan fermerlər onların becərilmə texnologiyası və mühafizəsi sahəsində çətinlik çəkir və elmi əsaslandırılmış tövsiyələrə ehtiyac duyurlar. Ona görə də bu sortların becərilmə texnologiyası (forma verilmə, quru və yaşıl budama, yük normaları, gübrələrə tələbatları, kimyəvi preparatlara münasibəti, xəstəlik və zərərvericilərə həssaslığı, yerli şəraitə adaptasiyası, inkişaf xüsusiyyətləri və s.) elmi əsaslarla öyrənilərək fermerlərə tövsiyə olunur.
Qeyd edək ki, institutda seleksiya işləri - yeni, biotik və abotik amillərə davamlı, yüksək məhsuldar və keyfiyyətli üzüm sortlarının yaradılması məqsədilə müxtəlif üzüm sortlarının hibridləşdirilməsi, müxtəlif səbəblərdən irsi xüsusiyyətləri pisləşmiş üzüm sortlarının klon seleksiyası ilə yaxşılaşdırılması, kolleksiyada əkilib-becərilən üzüm sortlarının qiymətləndirilərək perspektivli nümunələrin aşkar edilməsi, ölkəyə gətirilən xarici sortların yerli şəraitdə uyğunlaşma və aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində həyata keçirilir.