DÜNYA
Serbiya enerji idxalı üçün 3 milyard avro ayıracaq
Belqrad, 17 sentyabr, AZƏRTAC
Serbiya hökuməti artan elektrik və istilik enerjisi istehlakı xərclərini qarşılamaq üçün oktyabr-mart aylarında elektrik enerjisi, təbii qaz və kömür idxalına ümumi daxili məhsulun (ÜDM) 4,5 faizi həcmində - 3 milyard avro vəsait ayırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.
“Həmin vəsaitin böyük hissəsi elektrik enerjisi idxalına yönəldiləcək ki, bu da ölkənin tələbatının beşdəbirini ödəyəcək. Macarıstandan əlavə elektrik enerjisi idxalı da müzakirə olunur. Bundan başqa, Serbiya Rusiyadan xam neft idxalını dayandıracaq. Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək üçün Serbiya noyabrın 1-dən etibarən əsasən İraq xam neftinin idxalını həyata keçirəcək”, - deyə Z.Mixayloviç qeyd edib.
Nazir xatırladıb ki, ölkəsi ötən ilin eyni dövründə enerji resurslarının idxalına 1,65 milyard avro xərcləyib.
Qeyd edək ki, Serbiyada elektrik enerjisinin təxminən üçdə ikisi kömürlə işləyən stansiyalarda, qalan hissəsi isə su, külək və günəş enerjisi stansiyalarında istehsal olunur. Kömürə olan tələbatını yerli istehsal, o cümlədən Bosniya və Herseqovina, Bolqarıstan və Monteneqrodan idxal hesabına təmin edən Serbiya bu il 2,5 milyon ton əlavə kömür almağı planlaşdırır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad