Sercio Mattarella Braziliya Prezidentinə demokratiyanı müdafiə etdiyinə görə minnətdarlığını bildirib
Roma, 22 iyun, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya demokratiyanı və parlamenti müdafiə etdiyinə görə ehtiramını və minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, Romada həmkarı ilə görüşən İtaliya Prezidenti cari ilin yanvarında Braziliya Milli Konqresinin binasına basqını pisləyib, bunu seçkilərin nəticələrini alt-üst etmək cəhdi kimi qiymətləndirib və demokratiyanın təmin edilməsinin çox vacib olduğunu qeyd edib.
Sercio Mattarella İtaliya ilə Braziliya arasındakı dostluğu və əməkdaşlığı hər baxımdan artırmaq istəyini bir daha təsdiqləmək üçün yaxşı fürsət kimi qiymətləndirib.
Bundan başqa, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk də Vatikanda Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı qəbul edib. Görüşdə sülhün təşviqi, yoxsulluq və bərabərsizliklərlə mübarizə, yerli xalqlara hörmət əsas müzakirə mövzusu olub.
Papa Fransisk deyib ki, hazırda müharibə dövründəyik, sülh çox kövrəkdir.
Qeyd edək ki, 77 yaşlı Luiz İnasio Lula da Silva 2022-ci ildə ikinci dəfə Braziliya Prezidenti seçildikdən sonra ilk dəfə Papa Fransisk ilə görüşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma