SİYASƏT
Sergey Lavrov: “Bakının və Yerevanın nəzərdən keçirməsi üçün ideyalar təklif edirik”
Moskva, 21 yanvar (AZƏRTAC). Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də yerli və xarici ölkə jurnalistləri üçün Rusiya diplomatiyasının 2013-cü ildə fəaliyyətinin yekunlarına həsr olunmuş ənənəvi mətbuat konfransı keçirmişdir.
S.Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suala cavab verərək demişdir: “Bizim fikrimizcə, hər iki tərəf razılığa gəlməlidir. Prezidentlər İlham Əliyevin və Serj Sarkisyanın Vyanada keçirilmiş görüşü müəyyən mənada ümidvericidir. Həm də ona görə ki, iki il idi belə görüş keçirilməmişdi. Azərbaycanlı və erməni dostlarımızla söhbətlərdən belə başa düşdük ki, prezidentlər bütövlükdə görüşdən razı qalmışlar və həm xarici işlər nazirləri səviyyəsində danışıqları, həm də şəxsi dialoqu davam etdirmək qərara alınmışdır.
Rusiyanın Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar və Fransa ilə birlikdə bu cür dialoqun qurulmasına kömək etməyə çalışdığını bildirən S.Lavrov daha sonra demişdir: “Həmsədrlərin əlavə təklifləri vardır və onlar danışıqlar masasındadır, ATƏT-ə təqdim edilmişdir. Tərəflər bu təklifləri rədd etmirlər. Bu regional problemin həlli əlavə səylər tələb edir. Yardım göstərəcəyik, ancaq bir daha vurğulayıram ki, başlıcası, tərəflərin nizamasalma prosesinin əsasını təşkil edən prinsiplərlə razılaşmasıdır. Biz amerikalılar və fransızlarla birlikdə hər iki tərəfi stimullaşdırırıq, Bakının və Yerevanın nəzərdən keçirməsi üçün ideyalar təklif edirik. Ancaq son söz yenə də onlarındır”.
Sergey Lavrov, həmçinin “İyirmilik qrupu”na və “Səkkizlik qrupu”nda bu il Rusiyaya keçəcək sədrliyi dövründə ölkəsinin prioritetlərindən, Suriya böhranının həlli, İranın nüvə proqramı ilə bağlı qərarlardan da danışmışdır.
Nazir demişdir ki, müasir dünyada KİV-lərin rolunu nəzərə alaraq informasiya diplomatiyasından da danışmaq yerinə düşərdi: “Çünki informasiya diplomatiyası informasiya savaşından birmənalı şəkildə daha yaxşıdır” - deyə S.Lavrov əlavə etmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva