SERGEY LAVROV: MDB RUSİYANIN XARİCİ SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTİDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-də Dövlət Dumasının MDB-nin İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin üzvləri ilə görüşündə MDB ölkələri ilə münasibətlərin mühüm məsələləri üzrə ölkəsinin mövqeyindən və postsovet məkanında münaqişələrin həllini necə gördüyündən danışmışdır.
S.Lavrov demişdir ki, qarşıda hələ çox iş var və Birlik ölkələri ilə daha sıx əməkdaşlığın inkişafı sahəsində nəzərdə tutulan heç də bütün işlər görülməmişdir. Nazir qeyd etmişdir ki, MDB-nin, habelə bu məkandakı digər inteqrasiya strukturlarının inkişafı problematikası, Rusiyanın son dərəcə maraqlı olduğu münaqişələrin həlli, yaxın və uzaq xarici ölkələrdəki həmvətənlərin məsələləri üzrə iş bütün istiqamətlərdə davam etdirilir.
XİN başçısının sözlərinə görə, Birlikdəki tərəfdaşlarla qarşılıqlı əlaqələrin müxtəlifliyi, praqmatikliyi həyatın özündən gələn Rusiya xarici siyasətinin prioritet istiqamətidir. Nazir demişdir: “Bizə yanaşı yaşamaq və əməkdaşlıq təcrübəsi vermiş ümumi keçmişimiz, bir-birini qarşılıqlı surətdə tamamlayan iqtisadiyyatlarımız, vahid nəqliyyat dəhlizlərimiz, nəhəng ümumi humanitar, mədəni məkanımız vardır. Bütün bunlar müasir dünyada rəqabət aparmaq üçün böyük üstünlük verir və bundan imtina etmək Rusiya, eləcə də MDB üzrə bütün tərəfdaşlarımız üçün ağılsızlıq olardı”.
S.Lavrov, həmçinin vurğulamışdır ki, Rusiya bu məkanın rəqabət meydanına çevrilməsini, MDB-nin birləşməsi yolunda kiminsə süni əngəl yaratmasını istəmir. Rusiya Birlikdəki tərəfdaşlarının inkişaf imkanlarını məhdudlaşdırmaq niyyətində deyildir.
S.Lavrov postsovet məkanında münaqişələrin həlli istiqamətində Rusiyanın mövqeyindən danışarkən demişdir: “Bütövlükdə Rusiyanın MDB ərazisindəki münaqişələrin həllində iştirakına gəldikdə isə qəbul edilmiş qərarların yerinə yetirilməsi üzrə Rusiya rəhbərliyinin siyasi səylərindən, XİN-in və digər idarələrin fəaliyyətindən başqa, bütün bu işlərin resurs təminatı böyük əhəmiyyət kəsb edir. Biz burada Rusiyanın sülh siyasətinin, bütövlükdə xarici siyasətinin rəqabətə davamlılığını artırmaq üçün geniş imkanlar görürük”.