SİYASƏT
Sergey Naqornyak: Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin uğurlu reinteqrasiyası ədalətin və beynəlxalq hüququn təntənəsinin mühüm örnəyidir VİDEO

Kiyev, 21 sentyabr, AZƏRTAC
Ukrayna parlamentində Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirlər. Kiyev bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Sergey Naqornyak bildirib.
“Azərbaycan postsovet məkanında öz ərazilərinin işğalından əziyyət çəkən birinci ölkə olub. Ondan sonra Moldova, Gürcüstan, indi isə Ukrayna təcavüzə məruz qaldı. Azərbaycanlılar kimi, bizim xalqımız da müharibənin, ərazilərin işğalının, evlərinə qayıda bilməyən qaçqınların nə olduğunu bilir.
Məlum oldu ki, qanunsuz hərbi birləşmələr ağ bayraq qaldırıb və bu, gözlənilən idi. Ümid edirik ki, onlar Azərbaycan ərazisini tərk edəcək, regionda sülh və sabitlik bərqərar olacaq, azad olunmuş ərazilər uğurla reinteqrasiya ediləcək”, -deyən ukraynalı deputat əlavə edib ki, ərazilərin minalardan təmizlənməsi də mühüm mərhələdir.
Sergey Naqornyak qeyd edib: “Bilirik ki, bu günlərdə Azərbaycanda yeddi polis əməkdaşı minaya düşərək həlak olub, sadəcə cəmiyyət üçün çox vacib olan işləri yerinə yetirən günahsız insanlar həyatını itiriblər. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bizdə - Ukraynada hər gün belə hadisələr baş verir, ölkəmizin ərazisinin böyük bir hissəsi minalanıb. Bilirik ki, dost Azərbaycan xalqı bizə kömək edir, bu, təkcə humanitar yardım və bizim energetika sisteminə generatorlarla köməklik deyil, həm də mina təmizləyən maşınlar, ukraynalı sapyorların təlimidir. Biz buna görə çox minnətdarıq”.
Ukrayna Ali Radasının deputatı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü uğurla bərpa etməsi və öz ərazilərində qanunsuz erməni hərbi birləşmələrindən qurtulması beynəlxalq hüquq normalarının və dövlətlərin suverenliyinin pozulmasına qarşı mübarizədə çox mühüm örnəkdir. O bildirib: “Bu səbəbdən Ukrayna Azərbaycanın, qanunun və ədalətin yanındadır. Səmimi qəlbdən ümid edirik ki, qanunsuz işğal hərəkətlərindən əziyyət çəkən bütün dövlətlər öz ərazi bütövlüyünü bərpa edə biləcək, işğalçılar və onların havadarları isə cəzalarını alacaqlar”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev