SƏRGİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, mayın 21-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bu təhsil ocağının gənclər təşkilatı “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) ilə birgə “Bizim da Vinçi” adlı sərgi təşkil etmişdir.
Gənclərin yüksək potensialından xəbər verən sərgidə həvəskar rəssamların beynəlxalq aləmə inteqrasiyasını, dünyagörüşünü əks etdirən rəsm əsərləri nümayiş etdirilmişdir.
Akademiyada fərdi və ümumi sərgilərin keçirilməsini alqışlayan professor Vaqif Ağayev bildirmişdir ki, nümayiş olunan əsərlərin süjet xəttini bəşəri ideya olan xeyirlə şərin mübarizəsi, gələcəyə inam və nikbin sonluq təşkil edir.
Akademiyanın inzibati işlər üzrə prorektoru Vaqif Şirəliyev və digər çıxış edənlər ölkə Prezidentinin gənclər siyasətini böyük ruh yüksəkliyi ilə qarşılayan gənclərin mədəniyyətin bütün sahələrində yüksək nailiyyətlər əldə etdiklərini bildirmişlər.
Sərgidə ayrı-ayrı mövzulara müraciət edən 30-a yaxın gəncin 50-dən çox əsəri nümayiş etdirilmişdir. Xalq rəssamları Ömər Eldarov, Fuad Salayev və başqalarının təmsil olunduğu münsiflər heyəti 3 nəfəri qalib elan etmişdir.
Gənc rəssamlar Samirə Rəsulova birinci, Telman Əliyev ikinci , Ülvi Kazımov üçüncü yerə layiq görülmüşlər. Qaliblərə pul mükafatı, “İRƏLİ” ÜGH-nin və akademiyanın birgə təsis etdikləri diplomlar təqdim olunmuşdur. Sərgilənən əsərlər mövzu və ideya baxımından çox maraqlı təsir bağışladığı üçün bütün müəlliflərə sertifikatlar verilmişdir.