SƏRHƏD MÜHAFİZƏSİ SAHƏSİNDƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyevin dəvəti ilə Türkiyə Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıq Meşənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyəti səfər çərçivəsində Fəxri xiyabanda türk dünyasının görkəmli oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla anmış, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını, “Əbədi məşəl” xatirə kompleksini və şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.
Keçirilmiş görüşlərdə ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılmış, sərhəd əməkdaşlığı məsələləri müzakirə edilmişdir. Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, DSX-də aparılan islahatlar, dövlət sərhəd xətti boyu inşa edilən müasir sərhəd mühafizə infrastrukturu, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə məlumat verilmişdir.
Müzakirələr zamanı sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf səviyyəsi yüksək qiymətləndirilmişdir. Tərəflər arasında sərhəd mühafizəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin təkmilləşdirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunmuşdur.
Qonaqlar DSX-nin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sərhəd Mühafizəsinin Tarixi Muzeyi, Sahil Mühafizəsinin fəaliyyəti ilə də tanış olmuşlar.