CƏMİYYƏT
“Sərhədçi” atçılıq mərkəzində beynəlxalq standartlara cavab verən ən müasir infrastruktur yaradılıb VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Mərkəzində süvarilər üçün inşa edilmiş qapalı manejə DSX-nin rəisi baxış keçirib.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları əvvəlcə hərbi hissə ərazisində yaradılmış şəraitlə tanış olub, DSX-nin Atçılıq Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı fotosərgiyə baxış keçiriblər.
Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi, atçılıq idman növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, DSX-nin “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.
Ötən müddətdə “Sərhədçi” atçılıq mərkəzində beynəlxalq standartlara cavab verən ən müasir infrastrukturun yaradıldığı, xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də ölkəmizdə atçılıq idman növünün təbliği və inkişafında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində mərkəzin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb.
Yeni inşa edilmiş qapalı manejdə “Süvarilər” qrupu tərəfindən Qarabağ və Dilbaz atları üzərində xüsusi proqram nümayiş olunub, “Konkur” komandası nümunəvi çıxışlar edib və açıq manejdə “Çövkən” komandalarının oyunlarına baxış keçirilib.