Sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə GlobE Şəbəkəsinin çətiri altında birgə fəaliyyətlə mümkün ola bilər VİDEO

Bakı, 20 may, G.Mahmudlu, G.Türksoy, AZƏRTAC
Sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GlobE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHA) prezidenti Mazin Bin İbrahım Əl-Kahmus BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi- GlobE Network-çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, son illərdə şəbəkənin üzvlərinin genişləndirilməsi və onun müxtəlif beynəlxalq platformalarda potensialının artırılması istiqamətində səylər artırılır: “Bu, xüsusilə BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyasına tərəfdar dövlətlər konfransının qərarları, həmçinin G20 liderləri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin verdiyi siyasi bəyanatlar vasitəsilə özünü göstərir. Fürsətdən istifadə edərək, şəbəkənin üzv dövlətlərini üzv olmayan ölkələri tez bir zamanda qoşulmağa təşviq etməyə və onun faydalarından tam şəkildə yararlanmağa çağırıram. Çünki sərhədlərarası korrupsiya cinayətlərinin yaratdığı çağırışlarla mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GlobE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər. Arzu edirəm ki, bu iclas qarşısına qoyduğu bütün məqsədlərə uğurla nail olsun".