“ŞƏRQ-QƏRB” X BEYNƏLXALQ BAKI KİNOFESTİVALI ƏRƏFƏSİNDƏ
AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalı ərəfəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev mətbuat konfransı keçirmişdir.
A.Əliyev demişdir ki, əvvəlki festivallar zamanı 600-dən çox kino xadimi Bakıya gəlmiş, 160-dan artıq film nümayiş etdirilmişdir. Bu dəfə də tamaşaçılara Şərqi və Qərbi təmsil edən rejissorların uğurlu festival taleyi olan filmləri təqdim olunacaqdır.
Festivalın açılış mərasimi iyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçiriləcəkdir. Filmlər “Azərbaycan” kinoteatrında və Kinematoqrafçılar İttifaqının kino zalında nümayiş etdiriləcəkdir. 4 nominasiyada, o cümlədən “Ən zərif obraza görə”, “Ən cəsur obraza görə”, “Bəşəriyyətə ən humanist müraciətə görə”, “Dünya kinematoqrafına töhfəyə görə” nominasiyalarında mükafatlar təqdim olunacaqdır.
Kinofestivalın proqramına Ramiz Fətəliyev və Dilşat Fatxulinin “Hökmdarın taleyi” (Azərbaycan, 2008), Ernest Abdıjaparovun “İşıqlı sərinlik” (Qırğızıstan, 2007), Poşkus Yurisin “Yeknəsəqlik” (Latviya, 2007), Veyko Ounpuunun “Lasnamyaes balı” (Estoniya, 2007), Pavel Çuxrayın “Rus oyunu” (Rusiya, 2007), Stanislav Qovoruxinin “Artist” (Rusiya, 2007), Andrey Zvyagintsevin “Sürgün” (Rusiya, 2007), Aleksey Balabanovun “Yük 200” (Rusiya, 2007), İqor Kolenovun “Aleksandr. Neva döyüşü” (Rusiya, 2008), Andrey Yakimovskinin “Tryuk” (Polşa, 2007), Puran Draxşandinin “Əbədi uşaqlar” (İran, 2007), Olive Daanın “Şirin xülyalı həyat” (Fransa, 2007) filmləri daxil edilmişdir. Polşa rejissoru Kşiştof Zanussi filmlərinin retrospektiv nümayişi proqramına “Persona non-qrata”, “Dördayaq çapma”, “Kamuflyaj” filmləri daxildir. Rejissor Lalə Axundova xüsusi nümayişdə “Dost” filmini təqdim edəcəkdir. Festivalın zəngin proqramını “Milli kinematoqraflar və prokat: problemlər və perspektivlər” mövzusunda “Dəyirmi masa” da daxildir.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə də kinofestival qonaqlarsız keçinməyəcəkdir. Bakıya dünyanın 13 ölkəsindən 60 artist, rejissor, kinotənqidçi, bəstəkar, dramaturq, prodüser gələcəkdir.
Festival iyunun 7-də “Hökmdarın taleyi”, “Aleksandr. Neva döyüşü” filmlərinin nümayişi və qaliblərin mükafatlandırılması ilə başa çatacaqdır.