ELM VƏ TƏHSİL
Şərq və Qərbin mədəni inkişaf xüsusiyyətlərinə dair tədqiqat aparılıb
Bakı, 6 avqust, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədovanın “Şərq və Qərbin mədəni inkişaf xüsusiyyətləri” adlı məqaləsi Türkiyədə “Milli Kültür Araşdırmaları Dərgisi”ndə çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə XX əsrin 30-cu illərindən etibarən Şərqlə Qərb arasında mövcud olan fərqli və oxşar cəhətlər müəyyənləşdirilir. Bildirilir ki, oxşar cəhətlər antik dövr, yunan elminin dirçəlişi, mədəniyyətin və cəmiyyətin sosial-iqtisadi inkişafı ilə müəyyən edilir. Oxşarlıq və fərqləri görmək üçün əvvəlcə Şərqlə Qərbin tarixi proseslərinin mahiyyətini aydınlaşdırmaq lazımdır. Bu mövzuda aktual amillərdən biri Qərblə Şərq arasında paralellərin çəkilməsi, eləcə də ayrı-ayrı düşüncə tərzinin inkişaf qanunauyğunluqlarına əməl edilməsi və regionlara münasibətdə bu inkişafın xüsusiyyətlərini öyrənməkdir.
Qeyd olunub ki, Şərq və Qərb təfəkkürünün ümumi xüsusiyyətlərini və onların meydana çıxma səbəblərini şərh edə bilmək üçün Şərq və Qərb düşüncə yolları arasındakı oxşarlıq və fərqliliklərin, ədəbi-bədii əlaqələrin araşdırılması zəruridir.