Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib





Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu qeyd edib.
Akademik G.Baxşəliyeva Ümummilli Liderin qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb.
Akademik G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, Azərbaycan ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.
İnstitutun direktoru çıxışında Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, Ulu Öndərin hakimiyyətə qayıtmasından sonra 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.
Tədbirdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü, Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev və ərəb filologiyası şöbəsinin müdiri dosent Xumar Ələkbərova çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.