ŞƏRTİ MALİYYƏ VAHİDİ MƏBLƏĞLƏRİ MÜTLƏQ RƏQƏMLƏ ƏVƏZLƏNDİYİ ÜÇÜN BƏZİ QANUNLARDA VERGİ DƏRƏCƏLƏRİ KONKRETLƏŞDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin regional məsələlər daimi komissiyasının mayın 20-də keçirilmiş iclasında bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunmuşdur.
Əvvəlcə “Turizm haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə edilmişdir. Komissiyanın sədri Arif Rəhimzadə bir neçə qanuna texniki xarakterli dəyişiklik edildiyini diqqətə çatdırmışdır.
Sonra “Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədi ilə bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, şərti maliyyə vahidi məbləğləri mütləq rəqəmlə əvəz edildiyi üçün bəzi qanunlarda vergi dərəcələri konkretləşdirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat məbləğində nəzərdə tutulur. Həmçinin milli qəhrəmanlar, müharibə və əmək qəhrəmanları, “Şöhrət” ordenli şəxslər, I və II qrup müharibə əlilləri, həlak olmuş döyüşçülərin ailələri və xüsusi güzəştlərdən istifadə edən digər şəxslərin mülkiyyətində olan torpaqlara görə verginin məbləği 10 manat azaldılır.
Komissiya üzvlərinin yekdil rəyi ilə hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.