SİYASƏT
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDA 160 NƏFƏR PEŞƏKAR AZƏRBAYCANLI HƏKİM İŞLƏYİR
BU ÖLKƏDƏ ONLARIN FƏALİYYƏTİNDƏN HAMI RAZIDIR
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Elman Araslı krallığın səhiyyə naziri Usama Əş- Şubukşi ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a demişlər ki, görüşdə Azərbaycanla krallıq arasında səhiyyə sahəsində əlaqələrin inkişafından danışılmışdır. Qeyd edilmişdir ki, 2002-ci ildə işləmək üçün krallığa 100 nəfərə yaxın yüksək ixtisaslı azərbaycanlı həkim gəlmişdir. İndi bu ölkədə azərbaycanlı həkimlərin ümumi sayı 160 nəfəri ötmüşdür. Tibb müəssisələrinin rəhbərləri, həmkarları və əhali azərbaycanlı həkimlərin peşəkarlığından, ünsiyyət mədəniyyətindən, xəstələrə qayğıkeş münasibətindən razıdlrlar.
Krallığın Səhiyyə Nazirliyinin səyyar komissiyası Azərbaycanda daha 31 həkimi müsabiqədən keçirmişdir. Onlar yaxın vaxtlarda Ər- Riyada dəvət olunacaqlar.
Krallığın səhiyyə naziri həkimlərimizin ölkəsindəki fəaliyyətinə yüksək qiymət vermiş və onların yaxşı işinin Azərbaycan və Səudiyyə Ərəbistanı dövlətləri arasındakı əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əmin olduğunu vurğulamışdır.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.