CƏMİYYƏT
Səudiyyə Ərəbistanı mətbuatı: Bakıda qəbul ediləcək qərarlar iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərə bilər
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya mətbuatının, o cümlədən Səudiyyə Ərəbistanının media qurumlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Krallığın Londonda nəşr olunan “Əş-Şərq Əl-Ausət” qəzetində “COP29-un müəyyən edilmiş Prezidenti: Biz ədalətli iqlim ambisiyaları və davamlı maliyyələşdirməni hədəfləyirik... və Səudiyyə Ərəbistanının səylərini yüksək qiymətləndiririk” başlıqlı məqalə dərc olunub. Məqalədə vurğulanıb ki, COP29-un Prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan rəsmisi Səudiyyə Ərəbistanının kritik iqlim problemlərinin həllində səylərini yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycan noyabrın 22-dək davam edəcək COP29 konfransına ev sahibliyi edir və burada əsas prioritet iqlimin maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılması olacaq.
Səudiyyə Ərəbistanının nüfuzlu “Ər-Riyad” qəzeti isə oxucularını Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamaları ilə tanış edib. Qəzetin “Dünya liderləri COP29 konfransında toplanırlar” başlıqlı məqaləsində BMT-nin illik iqlim konfransının inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün yeni maliyyə yardımının hədəflənməsi ilə yekunlaşmalı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, yeni hədəf 2009-cu ildə qarşıya qoyulan və 2022-ci ildə çətinliklə reallaşdırılan yüz milyard dollarlıq hədəfi əvəz edəcək.
Məqalədə Bakıda qəbul ediləcək qərarların iqlim dəyişikliyi ilə mübarizəyə və 1.5°C həddinə riayət olunmasına əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyi bildirilib. Qeyd olunub ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok qlobal istiləşmə nəticəsində yaranan ciddi təhlükələr barədə xəbərdarlıq edib.