ELM VƏ TƏHSİL
SƏUDİYYƏ İNKİŞAF FONDU BAKIDA 5 MƏKTƏBİN TİKİNTİSİNƏ VƏ TƏCHİZ OLUNMASINA 9,5 MİLYON DOLLAR AYIRACAQ
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Elman Araslı Səudiyyə İnkişaf Fondunun (SİF) sədr müavini və icraçı direktoru Yusif Al-Bassamla görüşmüşdür. Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə səfir Elman Araslı Bakıda 5 məktəbin tikilməsi və təchiz olunması layihəsinin maliyyələşdirilməsi üçün Kredit Sazişinin imzalanması məqsədi ilə Yusif Al-Bassamı Azərbaycan hökuməti adından Bakıya dəvət etmişdir. Cənab Al-Bassam bu il avqust ayının 19-da 4 nəfərdən ibarət nümayəndə heyəti ilə Bakıya səfər edəcəyini bildirmişdir. Kredit Sazişini şərh edən səfir Elman Araslı demişdir ki, Bakıda müasir standartlara cavab verən, kompüterləşdirilmiş və modernləşdirilmiş 5 məktəbin tikintisi çox vacib işdir və buna ölkəmizin rəhbərliyi xüsusi diqqət yetirir. Səudiyyə İnkişaf Fondu həmin məktəblərin tikintisi və təchiz olunması layihəsinin maliyyələşdirilməsinə 9,5 milyon dollar məbləğində vəsait ayırıb. Kredit 20 illik müddətə güzəştli şərtlərlə veriləcəkdir. Kredit Sazişinin şərtlərinə görə sazişin imzalandığı vaxtdan 5 il sonra əsas vəsaitin qaytarılmasına başlanacaqdır. İlk maliyyələşmə əməliyyatı aparıldığı vaxtdan hesablanmaqla götürülən vəsaitin 2 faizi həcmində illik faiz ödənilməsi müəyyən edilmişdir.