SİYASƏT
Sevil Mikayılova: Beynəlxalq səviyyədə mütləq çoxluqla rədd edilən qondarma “seçkilər” işğalçı Ermənistanın mövqeyinə növbəti ağır zərbə oldu
Bakı, 15 aprel, AZƏRTAC
Beynəlxalq səviyyədə mütləq çoxluqla rədd edilən qondarma “seçkilər” işğalçı Ermənistanın mövqeyinə növbəti ağır zərbə oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, Ermənistanın havadarlığı ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində təşkil edilən qondarma “prezident və parlament seçkiləri” adlı oyunun dünya birliyi tərəfindən birmənalı şəkildə qınanması Azərbaycan dövlətinin apardığı haqq işinin məntiqi nəticəsidir: "Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır və beynəlxalq hüququ kobudcasına pozan Ermənistanın əməlləri dünyanın siyasi elitası tərəfindən birmənalı şəkildə pislənir. Separatçı rejimin “seçki” adlı oyunundan dərhal sonra bütün aparıcı beynəlxalq təşkilatlar, xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası səsləndirdikləri bəyanatlarında qondarma “seçkiləri” tanımadıqlarını və beləliklə də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha göstərdilər".
Deputat xatırladıb ki, bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı zamanı Ermənistanın baş naziri ilə ilk dəfə canlı debatda çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və münaqişənin həllinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bir daha yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi: "Prezident İlham Əliyev BMT başda olmaqla, dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışdı. Ölkə başçısı faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan liderinin çıxışı zamanı səsləndirdiyi tarixi həqiqətlər və təqdim etdiyi faktlar uzun illərdən bəri dünya ictimaiyyətini çaşdırmaqla məşğul olan erməni təbliğatına sarsıdıcı zərbə oldu".
S.Mikayılova vurğulayıb ki, beynəlxalq səviyyədə qazanılan bu kimi uğurların əsasında Prezident İlham Əliyevin apardığı düzgün xarici siyasət dayanır: "Məhz bu siyasi kurs dost dövlətlərin siyahısını artırmağa, tərəfdaş ölkələrlə münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa, siyasi və iqtisadi əməkdaşlığı daha da genişləndirməyə imkan verib. Onu da qeyd etməliyik ki, Azərbaycan dövlətinin beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlər ölkəmizin həm siyasi, həm də iqtisadi gücünü artıraraq beynəlxalq birliyin vacib aktoruna çevirib".