SİLAHLI QÜVVƏLƏRİMİZ GÜNDƏN-GÜNƏ MÖHKƏMLƏNİR, DÖYÜŞ QABİLİYYƏTİNİ GETDİKCƏ ARTIRIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Səbail Rayon İcra Hakimiyyəti Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli mərasim keçirmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynov və başqaları hərbi hissənin əsgər və zabitlərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışlar.
Silahlı Qüvvələrimizin bugünkü vəziyyətindən bəhs edən natiqlər, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərini diqqətə çatdıraraq bildirmişlər ki, ulu öndərin titanik səyləri nəticəsində formalaşan ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb elminin tələblərinə cavab verən nizami quruma çevrilmişdir.
Vurğulanmışdır ki, gündən-günə güclənən Azərbaycan Silahlı Qüvvələri lazım olan anda torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir.
Zabit, gizir, çavuş və əsgərlər adından çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Mehman Valehov göstərilən diqqət və qayğıya görə təşəkkür edərək demişdir ki, ordumuz xalqımızın və Ali Baş Komandanın qayğısını daim hiss edir. Hərbi hissənin komandiri ölkəmizin etibarlı müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
M.Valehov bu gün ölkədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini, qarşıya qoyulan vəzifələri icra etməyə qadir peşəkar zabit kadrları heyətinə, müasir müdafiə infrastrukturuna və yüksək döyüş hazırlığına malik olan çevik hava hücumundan müdafiə qüvvələrinin mövcud olduğunu xüsusi vurğulamışdır.
Xidmətdə fərqlənənlərə mükafatlar təqdim edilmişdir.
Mədəniyyət və incəsənət ustaları əsgərlər qarşısında konsert proqramı ilə çıxışlar etmiş, Vətənin keşiyində duran hərbçilərdə xoş ovqat yaratmışlar.