ORDU
Silahlı Qüvvələrimizin iki zabiti Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub
Zabitlərimiz Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində təhsil alıblar.
Məzuniyyət mərasimində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Böyük Britaniyadakı hərbi attaşesi, Birləşmiş Krallıq Silahlı Qüvvələrinin yüksək rəsmiləri və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər. Böyük Britaniya Silahlı Qüvvələrinin 2-ci baş qərargahının rəisi, ordu generalı Stüart Piç mərasimə ali qonaq qismində qatılıb.
Zabitlərimiz Kollecdə təhsil aldıqları 18 ay müddətində hərbi dənizçilik peşəsi üzrə nəzəri-praktiki bilik və bacarıqlarını təkmilləşdirərək təhsillərini uğurla başa vurublar.
Əsası 1863-cü ildə qoyulan Dartmut Kral Hərbi Dənizçilik Kolleci bu sahədə dünyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Kollecin məzunları arasında Böyük Britaniya kral ailəsinin üzvləri də var.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri,
London