Şimal bölgəsinin 5 rayonunun 4 minə yaxın şagirdi biliklərini sınayıb
Xaçmaz, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 18-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsində Quba, Qusar, Siyəzən və Xızı rayonlarının 3 min 619 şagirdi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarda 1041, Qubada 1953, Siyəzəndə 469, Xızıda isə 164 məzun imtahan verib. Buraxılış imtahanının birinci mərhələsi şimal bölgəsində on mərkəzdə (Quba 5, Qusar 3, Siyəzən 1, Xızı 1) təşkil olunub.
İmtahan saat 11:00-da başlayıb və 13:30-dək davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, imtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Dörd rayon üzrə 230 nəzarətçi müəllim prosesin gedişini izləyib. İmtahanlar zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
Eyni gündə Quba, Qusar və Xaçmazda yaradılan imtahan mərkəzlərində ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün də buraxılış imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 218 (Qubada 77, Qusarda 39, Xaçmazda 102) şagird biliklərini sınayıb.
Peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün imtahan saat 11:00-da başlayıb və 13:45-dək davam edib.
Bu gün keçirilən imtahanlarda şimal bölgəsinin 5 rayonun ümumilikdə 3837 şagird biliklərini sınayıb.