İQTİSADİYYAT
“Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramına start verilib VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-dən 18-dək paytaxtda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" mövzusunda təlimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təlim proqramının açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iştirakçıları salamlayıb və bildirib ki, dörd gün ərzində keçiriləcək proqramda dövlət qurumlarından seçilmiş mütəxəssislər və ali təhsil müəssisələrindən ayrılan professor-müəllim heyətinə Türkiyənin bir sıra nüfuzlu universitetlərinin alimləri tərəfindən yüksək səviyyəli təlimlərin keçirilməsi nəzərdə tutulub.
Təlim proqramında “Kriptoqrafiyanın əsasları və şəbəkə təhlükəsizliyi”, “Simsiz kanallarda kibertəhlükəsizlik təhdidləri”, “Fiziki səviyyədə kiberhücumlar”, “Simsiz infrastrukturlarda yeni kibermüdafiə strategiyaları” və “Simsiz şəbəkələr, o cümlədən 5G şəbəkələrinin təhlükəsizliyi” kimi mövzular əhatə olunacaq. Təlim süni intellektin dəstəyi ilə kibermüdafiə sahəsində bilik, təcrübə və innovativ həll yollarının mübadiləsini təmin edəcək.
Qeyd edək ki, layihə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib.