Şinzo Abe: Yaponiya ABŞ ilə ittifaqı möhkəmləndirməyə çalışır
Tokio, 28 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ ilə ittifaqı öz siyasətinin əsası hesab edir, Çin ilə əməkdaşlığa can atır və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə əlaqələrə hazırdır.
AZƏRTAC xəbər verir ki, Ş.Abe bu barədə ölkə parlamentinin növbəti sessiyasının açılışında söylədiyi siyasi nitqində bəyan edib.
Baş nazir qeyd edib ki, ABŞ ilə ittifaq Yaponiyanın xarici siyasətinin və təhlükəsizliyinin təmin olunmasının əsasını təşkil edir. Onun bildirdiyinə görə, Tokionun Vaşinqton ilə alyansı hazırda həmişə olduğundan daha möhkəmdir və böyük təsir gücünə malikdir. Ş.Abe, həmçinin əlavə edib ki, Tokio dəyişən şəraitə uyğun olaraq müdafiə sahəsində öz gücünü artıracaq.
Çin ilə münasibətlərə toxunan Ş.Abe deyib: “Yaponiya ilə Çin arasında münasibətlər son vaxtlar normal axara düşüb. Hər iki tərəf rəqabətdən əməkdaşlığa doğru irəliləmək niyyətindədir və bir-birinə qarşı təhlükə yaratmağa çalışmır, azad və ədalətli ticarəti inkişaf etdirməyə çağırırlar”. Baş nazirin nitqində əvvəlki belə çıxışlardan fərqli olaraq, Pekinin hərbi gücü ilə bağlı narahatlıq əks olunmayıb.
KXDR məsələsinə toxunan Ş.Abe Pxenyanın nüvə-raket proqramları, eyni zamanda, oğurlanan yaponlar məsələsi ilə bağlı problemlərin həllinə çalışmağın zəruriliyini qeyd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio