Şinzo Abe: Yaponiya Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əlaqələri genişləndirmək niyyətindədir
Tokio, 1 may, AZƏRTAC
Yaponiya Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə strateji əlaqələri genişləndirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Yaponiyanın Baş naziri Şinzo Abe Əbu-Dabidə keçirilən işgüzar forumda səsləndirib. O deyib ki, Yaponiya və BƏƏ Yaxın Şərq regionunun inkişafı məqsədilə 45 ildir birlikdə irəliləyir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Yaponiyanın Baş naziri Əbu-Dabidə yerləşən ofşor neft mədənlərinin istismarının davam etdirilməsi üçün yapon şirkətləri ilə müqavilə müddətinin uzadılmasına görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında enerji sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Yaponiya mədəniyyət, təhsil və kosmosun mənimsənilməsi sahələrində də əməkdaşlığı genişləndirmək istəyir.
Həmçinin Şinzo Abenin Vəliəhd Şeyx Məhəmməd bin Zayed əl Nəhyan ilə keçirdiyi görüşdə tərəflərin müxtəlif sahələrdə, o cümlədən energetika, elm və texnologiyalar, müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirməsi barədə razılıq əldə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio