REGİONLAR
Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub - YENİLƏNİB 2
Bakı, 12 dekabr, AZƏRTAC
Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd olunub ki, Lək kəndi ərazisində torpaq qatının yarılması nəticəsində yaranan problem tam aradan qaldırılıb. Suvarma kanalında canlı qüvvə və ağır texnika vasitəsilə aparılan təmir-bərpa işləri başa çatdırılıb, təhlükəsizlik tədbirləri görülüb.
Kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsad yaratmayıb.
07:05
“Kanala suyun verilməsi dayandırılıb”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şirvan suvarma kanalı istismarı idarəsinin rəisi Əliqulu Abbasov bildirib.
Vurğulanıb ki, yarılan yerdən kənd istiqamətində axan su kəsilib.
“Hazırda idarənin canlı qüvvəsi və ağır texnikası ərazidə bəndvurma işlərini həyata keçirir. Bununla yanaşı günboyu ərazidə işlər davam etdiriləcək. Kanalın uçan torpaq yatağı bərpa edildikdən sonra suyun verlişi bərpa olunacaq”, - deyə qeyd olunub.
03:20
Şirvan suvarma kanalının Göyçaydan keçən hissəsi yarılıb.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndi ərazisində baş verib. Kanal yarıldıqdan sonra bir müddət su kənd ərazisinə axıb.
Dərhal əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib. Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür
Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.