Sitrus meyvələrinin istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sitrus meyvələrinin istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən AQTA-nın sədrinin müavini Balarəhim Quliyev istehsal, idxal və ixrac olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. B.Quliyev sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib.
Baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova agentliyin Aralıq dənizi meyvə milçəyinin zərərvermə risklərini araşdırdığını və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə idxal olunması nəzərdə tutulan sitrus bitkilərinə dair fitosanitar tələblər hazırladığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, sitrus bitkilərinin tinglərini ölkəyə idxal etməzdən əvvəl tinglərin torpaqdan azad və meyvəsiz olmasına, idxal edilən meyvələrin isə müvafiq müddət və temperaturda saxlanılaraq daşınması şərtlərinə diqqət yetirilməlidir. Eyni zamanda, zəruri məlumatlar fitosanitar sertifikatda öz əksini tapmalıdır. Bununla bağlı hər hansı uyğunsuzluq aşkar olunarsa, agentlik qanunvericiliyin tələbləri çərçivəsində müvafiq fitosanitar tədbirlər həyata keçirəcək.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.