İQTİSADİYYAT
Şöbə müdiri: İqlim dəyişikliyi 2050-ci ilə qədər dünya iqtisadiyyatına 7,9 trilyon dollar zərər vuracaq
Bakı, 6 noyabr, AZƏRTAC
2019-cu ildə dünyada baş verən təbii fəlakətlər (qasırğalar, daşqınlar, quraqlıqlar) iqtisadiyyata təxminən 146 milyard dollar zərər vurub. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyi 2050-ci ilə qədər qlobal ÜDM-i illik 1,5-5 faiz azalda bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda media nümayəndələri üçün keçirdiyi seminarda deyib.
O bildirib ki, iqlim dəyişikliyi 2050-ci ilə qədər dünya iqtisadiyyatına 7,9 trilyon dollar zərər vuracaq.
“İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) hesab edir ki, iqlim dəyişikliyinə nəzarət edilməzsə, qlobal ÜDM 2100-cü ilə qədər 3 faizə qədər azala bilər. İqlim dəyişikliyinin təsirindən yaranan səhiyyə problemləri 2030-cu ilə qədər dünya üzrə ildə təxminən 2-4 milyard dollar arasında iqtisadi zərər vuracaq. 2023-cü ildə qlobal kapital bazarlarında iqlimlə əlaqəli risklərdən dolayı meydana gələn zərər 300 milyard dollara çatıb. İqlim dəyişikliyi nəticəsində sığorta sahəsi də ciddi təsirə məruz qalıb. 2021-ci ildə iqlimlə bağlı hadisələrə görə sığorta ödənişləri təxminən 120 milyard dollar olub”, - deyə Hüseyn Hüseynov əlavə edib.