SOCAR “Petkim Petrokimya Holding A.Ş.”-ın səhmlərinin qalan hissəsini də əldə etmək istəyir
Bakı, 8 fevral (AZƏRTAC). SOCAR Türkiyənin “Petkim Petrokimya Holding A.Ş.”-ın Özəlləşdirmə İdarəsi Başkanlığına aid 10,32 faizlik hissəsinin satın alınmasında da iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə Enerji A.Ş”-in rəhbəri və “Petkim”in idarə heyətinin üzvü Kənan Yavuz bildirmişdir.
O demişdir ki, “Petkim Petrokimya Holding A.Ş.”-ın satışa çıxarılan bu hissəsinin idarəetmə baxımından strateji əhəmiyyəti yoxdur. Ancaq şirkətimizə inam və etibarın göstəricisi olaraq bu hissənin tenderində də iştirak edəcəyik.
K.Yavuz tenderin strateji sərmayəçilərdən çox, maliyyə investorlarının marağını çəkəcəyini təxmin etdiyini vurğulayaraq qeyd etmişdir ki, bizim üçün fərqi yoxdur, tenderdə iştirak edəcəyik. Məqbul qiymət olsa hissələri alacağıq.
Qeyd edək ki, “Petkim Petrokimya Holding A.Ş.”-də SOCAR 51, İstanbul Qiymətli Kağızlar Birjasında vətəndaşlara məxsus səhmlər 38,67 və dövlətə məxsus Özəlləşdirmə İdarəsi Başkanlığı isə 10,32 faizlik paya malikdir. Tender üçün son təklifin qəbulu tarixi cari il martın 20-dir.