CƏMİYYƏT
SOCAR və “Azərxalça”nın əməkdaşlığı ilə “Əsrin müqaviləsi”nin 30 illiyi üçün hazırlanan xalçaların kəsim mərasimi keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin baş ofisində təşkil olunan mərasimdə yeni kolleksiya ilə bağlı təqdimat edilib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf nəzərə çatdırıb ki, bu il Azərbaycan tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümünün tamam olması ilə əlamətdardır. Azərbaycanın neft strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Qərbin iri neft şirkətləri ilə dövlətimiz arasında imzalanan və müstəqil Azərbaycanın yeni tarixinə “Əsrin müqaviləsi” adı ilə düşən bu sənəd ölkəmizin iqtisadi inkişafının əsasını yaradıb, Azərbaycanın beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri genişlənib.
SOCAR prezidenti bu əlamətdar hadisə ilə bağlı şirkət tərəfindən silsilə tədbirlərin təşkil edildiyini, limitli xalça kolleksiyasının hazırlandığını qeyd edib.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun mühüm qolu olan xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb. “Azərxalça” ASC ilə SOCAR arasındakı səmərəli əməkdaşlığın bu sahənin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
“Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli inkişafında önəmli rola malik olduğunu vurğulayan İdarə Heyətinin sədri bu əlamətdar hadisənin 30-cu ildönümü münasibətilə eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların hazırlanmasının SOCAR ilə “Azərxalça” arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
Daha sonra xalçaların kəsim mərasimi keçirilib.