ELM VƏ TƏHSİL
“Soft Computing” jurnalı azərbaycanlı alimin elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib
Bakı, 26 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Springer Nature” akademik nəşriyyatının “Soft Computing” jurnalının redaksiyasına daxil olmuş son 3 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatı təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Web of Science” elmi bazasına daxil olan jurnal təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir. Jurnalın təsir əmsalı 3.1-ə bərabərdir.
“Soft Computing” jurnalı “Scopus”, “Google Scholar”, “DBLP”, “INSPEC”, “EBSCO”, “Science Citation Index Expanded”, “EI Compendex” kimi nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.