ŞƏRH
Son 20 ildə Azərbaycanın həm xarici siyasətdə, həm də daxili islahatlarda əldə etdiyi uğurlar ölçüyəgəlməzdir – RƏY
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan tarixini mərhələlərə bölsək, son 20 ilin ölkəmizin həyatında ən parlaq, dinamik sosial-iqtisadi inkişaf, zəfərlər ilə dolu dövr olduğunu söyləyə bilərik. Təməlində güclü iqtisadiyyatın, möhkəm siyasi iradənin dayandığı inkişaf bütün sahələrdə qabarıq şəkildə müşahidə olunmaqdadır. Bu müddət ərzində ümumi daxili məhsulun (ÜDM) real ifadədə 3,6 dəfə artması bir çox mətləblərdən xəbər verir. İqtisadiyyatımızın şaxələndirilməsi sayəsində dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. Adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq 13 min 256 manat təşkil edib. Xarici borcun həcmi azalaraq hazırda ÜDM-in 9,3 faizini təşkil edir. Xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib.
Bu barədə AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatların ölkəmizin tərəqqisinə, güclənməsinə səbəb olduğunu söyləyən politoloq deyib: “Dövlətimizin başçısının “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafında mühüm rol oynadı və sistemli proqramların əsası oldu. Aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdi. Milli yüksəliş, rifah və tərəqqi Azərbaycan vətəndaşının sosial həyatında özünü daha açıq formada büruzə verir”.
R.Alıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə isə bu gün bizə imkan verir ki, yarımçıq qalan digər sosial-iqtisadi layihələri də tamamlayaq. Təbii ki, Vətən müharibəsinə qədər olan Azərbaycanla Zəfərdən sonrakı Azərbaycanın imici, nüfuzu fərqlidir. Bu qələbə bizə yeni həyat, güclü dövlət, qürurlu vətəndaş, iradəli xalq bəxş etdi. Bir məqamı da vurğulayaq ki, biz bəzi xarici çağırışlara, təhdidlərə baxmayaraq, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” kimi ermənilərin maraqlarına xidmət edən şüarlara tutarlı cavab verərək Qarabağ məsələsini döyüş meydanında həll etdik. Bir çoxları gözləyirdi ki, qazandığımız böyük Zəfəri həzm edə bilməyən xarici dövlətlər ölkəmizə qarşı sanksiyalar tətbiq edəcək. Amma bu, baş vermədi. Hətta 44 günlük müharibə dövründə belə biz dünyanın aparıcı dövlətlərinin birinci şəxslərinin dilindən ciddi iradlara, təhdidlərə rast gəlmədik. Müharibənin dayandırılması ilə bağlı çağırışlar səsləndirilsə də, ölkəmizə qarşı hansısa sanksiya qəbul edilmədi. Çünki biz vaxtında düzgün xarici siyasət yürütmüşdük, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, dostluq əlaqələri, işbirliyi qurmuşduq. Ən əsası, dünya ictimaiyyətini inandırmışdıq ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və ermənilər tərəfindən işğal olunub. Ona görə də beynəlxalq hüququn prinsiplərinə, BMT-nin 4 qətnaməsinə əsaslanaraq torpaqlarımızı öz gücümüzə azad edəndə heç kəs buna təəccüblənmədi. Son 20 ildə diplomatik müstəvidə atdığımız ardıcıl addımlar müsbət nəticəsini verdi.
Azərbaycan dövlətinin bizə Qələbə bəxş edən şəhidlərin ailələrinin, müharibə iştirakçılarının, qazilərin daim yanında olduğunu diqqətə çatdıran R.Alıyev əlavə edib ki, ötən müddət ərzində şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı 5 dəfə genişlənib. Son 3 ildə onlara 5300, ümumilikdə isə 14 min 100 mənzil və fərdi ev təhvil verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil təqdim edilib. Böyük Qayıdış konsepsiyasından irəli gələn məsələlər, o cümlədən Qarabağda aparılan geniş quruculuq işləri bu gün sürətlə həyata keçirilir. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə azad olunmuş torpaqlarımıza tez-tez səfərlər edərək orada görülən işlərin vəziyyəti ilə şəxsən tanış olurlar.
Ötən 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb.
“2003-2023-cü illəri milli dövlətçilik tariximizin bənzəri olmayan qızıl dövrü hesab etmək olar. Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, üstəlik, öz gücü ilə ərazi bütövlüyünü təmin edən ölkəmizdə vətəndaşların rifahının yüksəldilməsi üçün güclü sosial siyasət yürüdür. Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi, yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib. Son 20 ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Əhalinin sosial müdafiəsi, həssas qruplardan olan insanların sosial təminatı, bir sözlə, əhalinin sosial-iqtisadi rifahı Azərbaycan Prezidentin daim diqqət mərkəzindədir”, - deyə o vurğulayıb.