CƏMİYYƏT
Son 3 ildə 900 minə yaxın vergitutma obyekti Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə daxil edilib

Bakı, 23 fevral, AZƏRTAC
Ötən il torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2,6 milyon manatının ödətdirilməsi təmin edilib. Bələdiyyələrin pul tələbinə dair inzibati aktlarının icra məmurları tərəfindən icrası nəticəsində yerli büdcəyə 1,4 milyon manat vəsait ödənilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən deyib.
V.Zahirov çıxışında yerli vergiödəyicilərinin uçotunun dəqiq aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi ilə bağlı son 3 ildə 900 minə yaxın vergitutma obyektinin Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) daxil edildiyini bildirib.
Nazir müavini qeyd edib ki, bələdiyyələrdə vergi uçotunun tam və dəqiq qurulması məqsədilə zəruri məlumatların Əmlak Məsələləri Dövlət Xidmətindən operativ əldə olunması üçün BAMS-ın Xidmətin elektron bazasına inteqrasiyası üzrə işlər ötən ilin noyabr ayında başa çatdırılıb. Dərhal bələdiyyələrlə davamlı müvafiq hüquqi maarifləndirmə və metodoloji iş aparılıb. Ötən il ərzində BAMS-da uçota alınmış 250 min vergitutma obyektinin məhz 55000-i dekabr ayında uçota götürülüb.
2023-cü ildə Ədliyyə Nazirliyinin tövsiyəsi və metodiki köməkliyi ilə bir sıra bələdiyyələr tərəfindən yerli əhalinin rifahı naminə görülən işlər barədə broşürlər hazırlanaraq çap edilib və həmin bələdiyyələrin ərazisi üzrə vətəndaşlara paylanılıb.
Ötən il ərzində ümumilikdə 289 maarifçilik tədbiri həyata keçirilib, bu tədbirlərdə 9 min nəfərə yaxın bələdiyyə nümayəndəsi (əvvəlki ildən 57% çox) iştirak edib. Həmçinin bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 12 min 224 tövsiyə göndərilib.