İQTİSADİYYAT
Son dövrlər Azərbaycan ilə Avstriya arasında əlaqələr genişlənir
Bakı, 22 sentyabr (AZƏRTAC). Bakıda keçirilən Avstriya-Azərbaycan biznes forumu çərçivəsində Vyana şəhərinin vitse-meri xanım Renate Braunerin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat Nazirliyində olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəqliyyat nazirinin müavini Musa Pənahovla keçirilən görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti xarici investisiyalar üçün olduqca cəlbedicidir. Son dövrlər Bakı ilə Vyana arasında əlaqələrin genişlənməsi də bunun nəticəsidir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov ölkəmizdə həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat vermiş və bu çərçivədə Azərbaycan tərəfinin Avstriya təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirmişdir.
Görüşdə avstriyalı iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət edilmişlər.
Vyana şəhərinin vitse-meri xanım Renate Brauner əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan nümayəndə heyətini Vyanaya səfərə dəvət etmişdir.